Aeratravel.az
Aeratravel.az

Autoliv və POC təhlükəsizlik yastığı olan velosiped dəbilqəsi yaratdı

  • 606
  • 0
  • 25-07-2022, 00:59
Autoliv və POC təhlükəsizlik yastığı olan velosiped dəbilqəsi yaratdı

Dəbilqə 20 km/saat sürətlə toqquşma zamanı orta və ya ölümcül kəllə-beyin travması riskini 80%-dən 30%-ə qədər azaldan sensorlar və hava yastığını özündə birləşdirir.

Avtomobil təhlükəsizlik sistemlərinin yaradıcısı Autoliv və qış idmanı və velosiped avadanlığı şirkəti POC yeni nəsil dəbilqə yaratmaq üçün birləşdilər. Zərbədən əvvəl belə dəbilqənin ətrafında ilkin enerji uducu rolunu oynayan təhlükəsizlik yastığı açılır və dəbilqənin sərt hissəsi ikinci dərəcəli müdafiə elementinə çevrilir. 

Dəbilqə adi və elektrikli velosiped sürənlər üçün nəzərdə tutulub.

İsveçin Folksam sığorta şirkətinin araşdırmasına istinad edən layihə iştirakçıları qeyd edirlər ki, velosipedçilərin ölümlə nəticələnən xəsarətlərinin yarısını kəllə-beyin travmaları təşkil edir. Dəbilqələrin başın təhlükəsizliyini yaxşılaşdırdığı aşkar edilsə də, bu avadanlığın effektivliyi hələ də, xüsusən də 20 km/saatdan yuxarı sürətlə avtomobilə dəydikdə xeyli yaxşılaşdırıla bilər.

Yeni dəbilqənin işləmə prinsipinin təfərrüatları hələlik açıqlanmayıb. Yəqin ki, alqoritm avtomobillərdəki analoji cihazların işləmə ardıcıllığına bənzəyir. Sensorlar kəskin zərbəni aşkar edir, icraedici cihaza siqnal göndərir və bundan sonra təhlükəsizlik yastığı sürətlə hava ilə doldurulur. Bununla belə, cihazın dəbilqənin düşməsi kimi yanlış həyəcan siqnallarından necə qorunacağı tam aydın deyil. 

Autoliv mühəndislərinin fikrincə, inteqrasiya olunmuş təhlükəsizlik yastığı olan velosiped dəbilqəsi mühafizəni əhəmiyyətli dərəcədə yaxşılaşdıra və velosipedçilərə zərbələrin təsirini azalda bilər. Hər iki uducu texnologiyanın birləşməsi zərbə sınağı zamanı başın pik xətti sürətlənməsini azaldır. İlkin araşdırmalar göstərdi ki, qorunmanın təkmilləşdirilməsi dəbilqə dizaynına, çəkisinə və geyinmə rahatlığına ciddi zərər vermədən həyata keçirilə bilər. 

Autoliv və POC artıq dəbilqə prototipini hazırlayıb və ilk qəza sınaqlarını keçirib. Tərtibatçılar kütləvi nümunələrin satışa çıxarılma vaxtı ilə bağlı proqnoz vermirlər.


Tərcümə: Famil Ələkbərli

Mənbə: autonews.autoua.net

Şərhlər