Sırala:

Sükan arxasında yorulmamaq üçün saat neçədə yatmaq lazımdır?

  • 497
  • 0
  • 22-10-2021, 18:20
Sükan arxasında yorulmamaq üçün saat neçədə yatmaq lazımdır?

Yuxu və onunla bağlı problemlər – müasir insanın ən aktual problemlərindən biridir. Son zamanlar bütün dünyada yollarda sürücünün yuxuya getməsi ilə bağlı qəzaların sayı artıb. Bəzi tədqiqatçılar bunu təkcə koronavirusun fəsadları ilə deyil, həm də bəşəriyyətin yuxu keyfiyyətinin getdikcə azalması ilə əlaqələndirirlər.

Yuxusuzluq və onun sürücünün vəziyyətinə təsiri

İnsan yalnız bir gecə yatmayanda, onun reaksiya dərəcəsi, orta sərxoşluq dərəcəsindəki kimi azalır. Ancaq, sərxoşluq halında sürücünün müəyyən qanunları və prosedurları varsa, yuxululuq dərəcəsi barədə hələ ki, dəqiq meyar yoxdur. Bu, çox sayda insanın kifayət qədər yuxu almadan sükan arxasına keçməsinə səbəb olur. Dünya statistikasına görə, yol qəzalarının 20%-ə qədəri avtomobil idarə edərkən yuxuya getməklə bağlıdır. Və bunlar ölümcül qəzalardır, çünki onlar tez-tez qarşıdan gələn zolağa keçməklə əlaqələndirilir.

Müntəzəm olaraq, kifayət qədər yuxunuzu almasaz nə baş verər?

Maraqlıdır ki, insan yeganə canlıdır ki, şüurlu olaraq yuxusunu hansısa başqa məqsədə qurban verir. Xroniki yuxusuzluq reaksiya və iş qabiliyyətini azaldır, həmçinin bir sıra sağlamlıq və psixi problemlərə səbəb olur. Kökəlmə, ateroskleroz, şəkərli diabet, mədə-bağırsaq traktının pozulması, narahatlıq, depressiya – bu, yuxu olmaması səbəbindən inkişaf edən xəstəliklərin tam siyahısı deyil. İnsanlar 7 saatdan az yatırsa, ümumi ölüm 12% artır.

Orqanizmin yatması üçün nə qədər vaxt lazımdır?

Orta yuxu müddəti 7 ilə 9 saat arasındadır, ancaq müəyyən bir insanda 4 ilə 12 saat arasında ola bilər. Rahat istirahət üçün “15 dəqiqə” qaydasına riayət etmək tövsiyə olunur. Yəni axşamacan elə yorulmalısan ki, 15 dəqiqə ərzində yuxuya gedəsən, gecə isə ümumilikdə 15 dəqiqədən çox oyanma olmamalıdır.

Özünüzü yaxşı hiss etmək üçün nə vaxt yatmaq daha yaxşıdır?

Gecə yarısından əvvəl yatmağın, gecə yarısından sonra yatmaqdan daha yaxşı olduğuna dair ümumi yanlış fikir var. Əslində, yuxuya getmə vaxtı deyil, sabit yuxu cədvəlinə və yuxunun ümumi müddətinə riayət etmək vacibdir. Gecə saat 1-də yatıb, səhər 8-də qalxmaq və kifayət qədər yuxunu almaq mümkündür.

Pandemiya və onun yuxu keyfiyyətinə təsiri

COVID-19 pandemiyası əslində yuxusuzluq pandemiyasının inkişafına səbəb oldu. Əgər yeni koronavirus infeksiyası yaranmazdan əvvəl yetkin əhalinin 15%-də xroniki yuxusuzluq qeyd olunurdusa, indi bu rəqəm 25 – 30%-ə çatır. Bu, həm infeksiyanın nəticələrindən, həm də cəmiyyətdəki stres səviyyəsinin qlobal artmasından qaynaqlanır.

Həmçinin, adi həyat tərzinin pozulması da rol oynayır: uzaqdan işləmək, fiziki fəaliyyətin azalması, sosial əlaqələrin azalması. Xroniki yuxu pozğunluğu təbii olaraq gündüz fəaliyyətinin pisləşməsinə, xüsusən də sürücünün reaksiyasının azalması və sükan arxasında yuxuya getməsi səbəbindən qəzaların tezliyinin artmasına səbəb olur.

Neyron şəbəkəsi, yuxu elmi haqqında nə "düşünür"?

Müasir neyron şəbəkələri insanın psixofizioloji vəziyyətini və müxtəlif dəyişikliklərə reaksiyasını təyin edə bilir. Sürücü, sükan arxasına əyləşdikdən sonra süni intellekt, kameranı istifadə edərək üzünü skan edir və tanıdır – sürücü haqqında məlumatları emal edir. Real vaxt rejimində neyroşəbəkə insanda nə baş verdiyini anlayır (məsələn, yuxuya gedir, əsnəyir, diqqəti yayınır və ya telefonla danışır).

Kamera sürücünün yuxuya getdiyini və ya hətta yuxuya getmə əlamətlərini aşkar edərsə, sistem sürücünü oyatmaq üçün ona siqnal ötürür - səs və ya işıq.

Rusiyanın “Antison” şirkətinin mütəxəssislərinin verdiyi məlumata görə, müasir neyron şəbəkələri insanın vəziyyətini dərindən izləmək üçün öyrədilib: yuxululuqdan tutmuş beyin yükünə qədər. Bu gün avtomobil sənayesində neyron şəbəkələrdən istifadənin əsas məqsədi, sürücünün maşın sürərkən yuxuya getməsi ilə əlaqədar qəza və digər hadisələrin qarşısını almaq və bununla da yol təhlükəsizliyini artırmaqdır.

Bəli, süni intellekt yolda olan bütün riskləri ortadan qaldıra bilməz, amma, artıq avtomobil təhlükəsizliyinin gələcəyinin ağıllı sistemlərin arxasında olduğuna şübhə yoxdur. Və əlbəttə ki, öz məsuliyyətimiz: yaxşı yatmaq, kifayət qədər yatmaq və yorğun sükan arxasına əyləşməmək.


Müəllif: "AVTO KLUB AZƏRBAYCAN" klubunun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğlu

Şərhlər