Aeratravel.az
Aeratravel.az

Avtoekspert avtoxuliqanlıqla bağlı açıqlama verib

  • 1 492
  • 0
  • 8-06-2021, 21:35
Avtoekspert avtoxuliqanlıqla bağlı açıqlama verib "Son zamanlar sosial şəbəkələrdə, xüsusən də instagramda qanun pozuntuları ilə müşahidə olunan “avtoavaralığın” (avtoxuliqanlıq) təbliğatı geniş vüsət alıb. Bu da bir çox xoşagəlməz hadisələrlə, qəzalarla nəticələnir. Hətta artıq dövlət qeydiyyat nömrələrini gizlətməkdən belə çəkinmirlər. Bu qədər hadisələrin, qəzaların olmasına baxmayaraq, bunların etdiyi qanun pozuntusu əlaməti olan videoları paylaşaraq təbliğatını aparırlar".


Bunu masinbazari.com saytına Gəncə şəhərindən olan araşdırmaçı avtoekspert Natiq Nazimoğlu deyib. Onun sözlərinə görə, bu cür hərəkətləri bəzi insanlar da dəstəkləyir. "Mövcud qanunvericilikdə olan cəza tədbirlərindən çəkinmirlər. Düzdür, daxili işlər orqanları bunlara qarşı mübarizə aparır, ancaq onların sayı azalmaqdansa təəssüf ki, artır. Polisin yol mədəniyyəti və ən əsası, təhlükəsizlik baxımından “avtoxuliqanlığa” qarşı bu cür tədbirlərinin davamlı olmasını dəstəkləyirəm".

Ekspert deyir ki, bu insanlar həm də həvəskardır. "Bəziləri avtomobilində etdiyi yenilikləri,   avtomobili ilə müxtəlif manevrlər edərək nümayiş etdirmək istəyir. Hətta, bunların izləyici azarkeşləri də çoxdur. Hər iki tərəfin istəklərini nəzərə alaraq, bunun üçün lap polis nəzarəti altında xüsusi məkanlar yaradılsa, pis olmazdı. Təhlükə saçan hərəkətləri ictimai yerdə etməkdənsə, həmin ayrılmış məkanlarda etsələr daha məqsədə müvafiq olar. Dünyanın qabaqcıl ölkələrində avtomobil həvəskarları üçün bu cür məkanlar yaradılıb. Ümidvaram ki, bizdə də bu cür şərait yaradılar. Belə məkanlar yaradılsa, düşünürəm ki, yollarda baş verən hadisələr, qəzalar nisbətən azalar".

Natiq Nazimoğlu yollarda digər yol hərəkət iştirakçılarına qarşı diqqətli, nəzakətli və ən əsası da, ehtiyatlı olmağa çağırış edib. "Valideynlərin sizləri böyüdənədək hansı əziyyətlərə qatlandığını düşünün. Unutmayın ki, ətrafınızda olan insanları da valideyn böyüdür və sizin kimi onları da gözləyən var! Allah hər kəsə “can” əmanət edib, bu canı qorumaq hər kəsin borcudur. Və hər kəsin həyatda yaşamaq haqqı var!".

Şərhlər