“Fərqlənmə nişanı”nın verilməsi üçün onlayn xidmət fəaliyyətə başlayır

  • 423
  • 0
  • 1-02-2022, 09:51
“Fərqlənmə nişanı”nın verilməsi üçün onlayn xidmət fəaliyyətə başlayır

Masin.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin göstərdiyi xidmətlərin elektronlaşdırılması, eləcə də bu sahədə rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində fevralın 1-dən “Fərqlənmə nişanı”nın verilməsi üçün onlayn xidmət fəaliyyətə başlayır.

Məqsəd daşıyıcıların və sürücülərin rahatlığının təmin edilməsi, fiziki təmasların minimuma endirilməsi və sui-istifadə hallarının qarşısının alınmasıdır.

Yeni yaradılan elektron sistem müvafiq dövlət orqanlarının informasiya sistemlərinə inteqrasiya edildiyindən “Fərqlənmə nişanı”nın verilməsi üçün tələb olunan sənədlərin sayı minimuma endirilib. Digər dövlət orqanlarının informasiya sistemlərindən əldə edilməsi mümkün olmayan məlumatlarla bağlı sənədlərin surətinin müraciətə əlavə edilməsi imkanı yaradılıb. Elektron qaydada müraciət etdikdən sonra “Fərqlənmə nişanı”nın verilməsi üçün verginin, məcburi dövlət sosial sığorta haqqının və icbari tibbi sığorta haqqının ödənilməsinin təmin edilməsi üçün sistem Mərkəzi Bankın Hökumət Ödəniş Portalı ilə əlaqələndirilib. Vətəndaşlar sistem üzərindən birbaşa kart məlumatlarını daxil etməklə, yaxud sistem tərəfindən verilən sənəd əsasında banklarda Hökumət Ödəniş Portalı üzərindən ödənişlərini həyata keçirə bilərlər.

Onlayn xidmət avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yükdaşımalarını həyata keçirən daşıyıcıların vaxta qənaət etmələrinə, hesabatlılığın dəqiq və şəffaf aparılmasına, bu istiqamətdə səmərəliliyin artırılmasına və sahənin inkişafına töhfə verəcək.

Qeyd edək ki, elektron xidmətdən istifadə etmək üçün Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsmi internet saytının https://danx.gov.az/ “Xidmətlər /Elektron xidmətlər” bölməsindən, eləcə də birbaşa e-fn.danx.gov.az saytından keçid etmək mümkündür.

Şərhlər