Aeratravel.az
Aeratravel.az

Porsche

  • 999
  • 0
  • 13-03-2022, 09:52
Porsche

3 sentyabr 1875-ci ildə Bohemiyada Maffersdorf deyilən yerdə (indiki Vratislavitse) hazırkı qüdrətli şirkətin gələcək yaradıcısı Ferdinand Porşe (Ferdinand Porsche) anadan oldu. Təhsil aldıqdan sonra Ferdinand ailə biznesini davam etdirərək su xətlərinin çəkilməsində atasına kömək etməyə başladı.

1898-ci ildə gənc mühəndis Jacob Lohner şirkətində işə girdi. Burada o, Lohner-Porsche Electric Car elektromobilini hazırladı. 1906-cı ildə Porşe digər firmanın – Austro-Daimler-in əməkdaşı oldu. Sonra isə firmaya rəhbərlik etməyə başladı. Amma Ferdinand öz qarşısında böyük hədəflər qoymuşdu və tezliklə Ştutqarta (Almaniya) köçdü. Orada Porşe öz mühəndis ofisini açdı və Dr. Ing. h.c. F. Porsche AG şirkətini təsis etdi.

İlk xalq avtomobili

“Xalq avtomobilinin” yaradılması proqramı çərçivəsində NSU firmasının tapşırığı ilə 1933-cü ildə “32” modeli yaradıldı. Bu, ilk Volkswagen Beetle avtomobilinin prototipi idi. 1936-cı ildən başlayaraq Ştutqartda prototiplərin intensiv testləri keçirildi. Porşenin rəhbərliyi altında 1938-ci ildə Volfsburqda (Wolfsburg) Volkswagen-in ilk konveyeri quruldu. Amma az sonra müharibə başladı və Porşe avtomobillərin hazırlanması ilə deyil, hərbi layihələrlə, məsələn, “Pələng” tanklarının istehsalı ilə məşğul olmalı oldu.

Porsche şirkəti yalnız müharibədən sonra 1958-ci ildə artıq Ferdinandın oğlu Ferri Porşenin rəhbərliyi altında Avstriyanın Qmünd (Gmund) şəhərində Volkswagen-in bazasında öz avtomobilini yarada bildi. Bu, yüngül xəlitələrdən hazırlanmış “64” indeksli idman rodsteri idi. O, 50 at gücünə malik mühərriklə təchiz olunmuşdu və saatda 160 kilometr sürətlə hərəkət edə bilirdi. Cəmi üç belə avtomobil hazırlandı. Onlardan yalnız biri bizim günlərə qədər gəlib çatdı.

Seriya ilə istehsal olunan ilk Porsche modeli isə “356” oldu. Bu avtomobilin ilk çertyojları 17 iyul 1947-ci ildə hazır idi. Bir il keçməmiş, 8 iyun 1948-ci ildə məğrur Porsche adını daşıyan ilk seriyalı avtomobil işıq üzü gördü. Doğrudur, yeni avtomobilin komponentlərinin çoxu (35 at gücünə malik 1,1 litr həcmli mühərrik, transmissiya, asqı) o vaxtlar yaxşı tanınan Volkswagen Beetle avtomobilindən götürülmüşdü. Amma bu, Porsche şirkətinin əməyinin əhəmiyyətini heç də azaltmırdı. Bu avtomobil əsl Porsche modeli idi.

Qeyd etmək maraqlı olar ki, Porsche 356-nın və Volkswagen Beetle-nin kuzovlarının dizaynı eyni şəxsin – avstriyalı Ervin Komendanın (Erwin Komenda) əməyinin nəticəsi idi. Sonralar bu şəxs digər Porsche avtomobillərin kuzovlarının dizaynının hazırlanmasında da fəal iştirak etdi.

1950-ci ildə Porsche şirkəti yenidən Ştutqarta köçdü. Onun qərargahı bu günə qədər bu şəhərdə yerləşir. Bir qədər sonra “356” modelinin daha güclü modifikasiyaları – “1300” və “1500” modelləri peyda oldu. Onların mühərrikləri 44 - 70 at gücü istehsal edirdi. 1951-ci ildə Ferdinand Porşe vəfat etdi.

1959-cu ildə Frankfurt avtosalonunda ilk dəfə Porsche 356 B modeli nümayiş etdirildi. Avtomobil bir qədər fərqli kuzovla təchiz edilmiş, gücü artırılmış və bütün təkərlərinə disk əyləcləri quraşdırılmışdı. “356” modellərinin flaqmanı isə 2 litr həcmə və 130 at gücünə malik Carrera 2 idi.

İndi əfsanəvi “356” modelinin çoxlu surətləri hazırlanır, amma orijinal modellərin özü kolleksiyaçılar üçün əsl tapıntıdır. Bəzi nadir modifikasiyalar (məsələn, Carrera Speedster) üçün bir neçə yüz min dollar ödəməyə hazır olanlar var.

“356” modeli “istefaya” çıxdıqdan sonra da şirkətin tarixi, təbii ki, davam etdi. 1963-cü il firmanın tarixində dönüş ili oldu. Həmin il ilk “911” modeli işıq üzü gördü. Bu avtomobil Ferdinand Porşenin nəvəsi Ferdinand Aleksandrın rəhbərliyi altında hazırlanmışdı. “911” modeli ilk dəfə Frankfurt avtosalonunda nümayiş etdirildikdən bir il sonra konveyerə buraxıldı. Altısilindrli mühərrikin ilk versiyası 356 Carrera 2 modelində olduğu kimi, 130 at gücünə malik idi.

Yeri gəlmişkən, ilk öncə bu model “911” deyil, “901” adlandırılmalı idi. Amma bu adın ortasındakı sıfır rəqəmini artıq Fransanın Peugeot şirkəti rəsmən özünə götürdüyü üçün almanlar onun yerinə 1 rəqəmini qoymalı oldular.

“911” modelini bahalı hesab edənlər üçün Porsche 1965-ci ildə “912” modelini hazırladı. “911” modeli ilə müqayisədə onun silindrlərindən ikisi “ixtisar” edildi. Qiyməti daha münasib olan, 4 silindrli və 90 at gücünə malik mühərriklə istehsal olunan yeni avtomobil tezliklə Porsche modelləri cərgəsində ən populyar modelə çevrildi. 1965-ci ildən 1975-ci ilədək 30 minə yaxın bu cür avtomobil istehsal olundu.

Eyni sözləri dam örtüyü çıxarıla bilən yaraşıqlı Porsche Targa modelinin miqdarı haqqında demək olmaz. Az sayda istehsal olunan bu avtomobil 1966-cı ilin payızında Porsche modelləri cərgəsinə əlavə olundu.

100 000-ci avtomobil

1966-cı ildə Porsche yubiley hadisəsini qeyd etdi – şirkətin 100 mininci avtomobili işıq üzü gördü. Yubiley modeli “912” modeli oldu. Bu avtomobillər alman polisinə verildi.

Cəmi 20 nüsxədə

1975-ci ildə “912” modeli istehsaldan çıxarıldı. Bunun səbəbi sadə idi: Porsche şirkəti yeni, istehsalı daha ucuz başa gələn “912” modelini hazırlamağı qərara almışdı. Qeyd edək ki, şirkət bu modeli Volkswagen-lə birlikdə hazırladı. Eyni zamanda qiyməti “912” modelinin qiymətinə bərabər olan 110 at gücünə malik “911T” modeli konveyerə daxil oldu. Elə həmin dövrdə idman modifikasiyası olan “911R” modeli işıq üzü gördü. Bu avtomobil 210 at gücünə malik 6 silindrli mühərriklə təchiz olunmuşdu və onun kuzovunun konstruksiyası yüngülləşdirilmişdi. Cəmi 20 ədəd bu cür avtomobil hazırlandı. Bu model əsl nadir nüsxə idi.

Mühərriklərin gücü tədricən artırılırdı. “911”in 6 silindrli mühərrikinin həcmi 2341 kubsantimetrədək artırıldı və alıcılara üç versiyada təklif olunmağa başladı: 911T modeli (130 at gücü), 911E modeli (165 at gücü) və 911S modeli (190 at gücü). Sonralar mühərriki 2,7 litr həcmə və 230 at gücünə malik RS versiyası da peyda oldu.

“930” adlandırılan əfsanəvi Porsche 911 Turbo modelinin ilk nüsxəsi 1974-cü ildə Paris avtosalonunda nümayiş etdirildi. Güclü mühərriki sayəsində bu model öz dövrünün ən sürətli avtomobillərindən birinə çevrildi.

Porsche modellərinin cərgəsini artırmaqda davam edərək 1975-ci ildə “924” modelini təqdim etdi (sonralar onu “944” modeli əvəz etdi). 4 silindrli mühərrik quraşdırılmış bu model yüngül xəlitələrdən hazırlanmışdı. Bu modelin timsalında konstruktorlar münasib qiymətə hər cəhətdən əla avtomobil yaratmışdılar və sonradan onun qiymətinin sərfəli olmasını satışlar da təsdiq etdi.

1977-ci ildə mühərriki ön tərəfdə yerləşdirilən Porsche 928 versiyası işıq üzü gördü. Onun V8 mühərriki nəhəng ölçüləri ilə öyünə bilərdi (4,5 litr həcmli, 240 at gücülü). Porsche 928 “İlin avtomobili” adını qazanmış ilk (və hələlik yeganə) sportkar oldu.

Əsl superkar

“944” modelinin işıq üzü görməsindən üç il sonra Frankfurt avtosalonunda Porsche 959 nümayiş etdirildi. Bu avtomobil ən müasir texniki nailiyyətləri özündə cəmləşdirmişdi. 1987-ci ildə şirkət 200 ədəd bu cür avtomobilin istehsal olunacağını elan etdi. İki turbinli 3,2 litr həcmli mühərrik 449 at gücünə bərabər qüvvə ilə işləməyə qadir idi. Bu, əsl superkar idi. Onun xüsusi olaraq idman yarışları üçün hazırlanmış versiyası 1986-cı ildə Paris-Dakar marafonunun qalibi oldu.

Daha sonra növbə “911” modelinin yeni nəslinə çatdı (kuzov “964”). Bu avtomobil tamamilə yeni şassi əldə etdi: onun şassisi torsionsuz idi. Sükanı hidrogücləndirici, əyləcləri bloklanma əleyhinə sistemlə və təkərləri Carrera 4 “intellektual” tam ötürücü ilə təchiz olunmuşdu. “911” modellərinin hamısı avtomatik arxa spoylerlə təchiz olunmağa başladı. Mühərrik altısilindrli idi və 250 at gücü istehsal edirdi.

Növbəti onillikdə mühərrikin turboversiyası işıq üzü gördü. Yeni 911 Turbo modeli 1990-cı ilin sentyabrında dilerlərin salonlarında peyda oldu. Bu modelin mühərrikinin həcmi 3,3 litr, gücü 320 a.g təşkil edirdi. 1992-ci ildə Porsche avtomobilləri ailəsinin sıralarına daha bir model – “968” əlavə olundu. O, “944” modelləri qammasını əvəz etdi.

1 000 000-cu Porsche

1993-cü ildə “911” modelinin yeni nəslinin (kuzov “993”) təqdimatı keçirildi. Yeni Porsche öz sələfindən daha güclü mühərriki (272 a.g), çoxrıçaqlı yeni arxa asqısı və kuzovun “hamarlanmış” forması ilə seçilirdi. Bundan başqa, alıcılara iki növ transmissiya təklif olunurdu: altıpilləli mexaniki və dördpilləli avtomat.

Üç il sonra daha bir təqdimat keçirildi – bahalı olmayan idman avtomobilləri sinfinə aid yeni model ictimaiyyətə təqdim edildi. İki yerlik yeni kompakt rodsterə Boxster adı verildi. O, öz sinfi üçün çox güclü xarakteristikalara malik idi (həcmi 2,5 litr və 204 at gücü). Bu model yeni altısilindrli mühərriklə təchiz olunmuşdu (hər silindrə dörd klapan), mühərrikin soyudulması hava vasitəsilə deyil, su vasitəsilə həyata keçirilirdi. 1996-cı il, həmçinin milyonuncu Porsche avtomobilinin istehsalı ilə əlamətdar oldu. Yüz mininci nüsxədə olduğu kimi, bu dəfə də yubilyar 911 Carrera modeli oldu (bu, polislərin istifadə etdiyi avtomobil idi).

1997-ci ildə növbəti təqdimat baş tutdu. Boxster modelinin uğurlarını möhkəmləndirmək üçün şirkət Frankfurtda tamamilə yeni “911” modelini (indeks “996”) təqdim etdi. Bu model xarici görünüşünə görə Boxster-i xatırladırdı. Bir ildən sonra bu avtomobilin bazasında hazırlanmış kabriolet də nümayiş etdirildi. Sadəcə, düyməni basmaqla bu avtomobilin damı açılır və bağlanırdı.

Saatda 305 km/saat

2000-ci ildə “911” seriyasının flaqmanı olan Turbo modeli işıq üzü gördü. Burada kuzovun dizaynında dəyişikliklər edilmişdi. Həmçinin güc aqreqatı da dəyişikliklərə uğramışdı. Belə ki, indi 3,6 litr həcmi olan mühərrik 420 at gücünə bərabər qüvvə ilə avtomobili qovmağa qadir idi. Əlbəttə, iki turbinin quraşdırılması da burada öz rolunu oynadı. Kuzov çoxlu sayda aerodinamik elementlərlə təchiz edilmişdi. Nəticədə, hətta maksimal, yəni 305 km/saat sürətlə hərəkət zamanı avtomobilin dayanıqlığı təmin edilirdi.

2001-ci ildə Parisdə Carrera GT modelinin prototipi ictimaiyyətə təqdim olundu. Bu konseptual superkar 558 at gücünə malik V10 tipli mühərriklə təchiz edilmişdi. 2004-cü ildə bu avtomobil seriya ilə istehsal olunmağa başladı (bu zaman onun mühərrikinin gücü artıq 612 a.g bərabər idi). Cəmi 1270 ədəd bu cür avtomobil istehsal olundu.

İlk ofrouder

2002-ci ildə Porsche həvəskarları üçün gözlənilməz olan Сayenne ofrouderi işıq üzü gördü. Leypsiqdə istehsal olunan bu modelin satışı Porsche şirkətinin illik satışlarının yarıya qədərini təşkil etdi. Bu modelin top-versiyası olan Сayenne Тurbo S-in mühərriki 4,5 litr həcmə və 521 at gücünə malik idi. Bu versiyanın sayəsində Сayenne dünyanın ən güclü ofrouderlərindən birinə çevrildi.

“911” seriyasının ən son nəsli 2004-cü ildə peyda oldu. Baza modeli olan Carrera-nın mühərriki 325 at gücünə, daha güclü Carrera S-in mühərriki isə 355 at gücünə malik idi. Hazırda Porsche şirkətinin gələcək üçün böyük planları var.

Porsche şirkətinin nümunəsi idman avtomobilləri istehsalçısının bu qədər çoxlu sayda müxtəlif modellər hazırladığı nadir nümunələrdən biridir. Özü də Ferdinand Porşenin ardıcılları bu nailiyyətlə kifayətlənmək niyyətində deyillər.


Mənbə: Avtomobil.az


Maraqlı xəbər: 

turbo.az, tap.az, boss.az və bina.az saytlarının sahibi 1 milyard dollar itirdi


Şərhlər